|
25.06.2010 11:19 “Caspian Oil and Gas”: YENİ İNKİŞAF MƏRHƏLƏSİ
1 iyun tarixində Azərbaycanın paytaxtı, neft şəhəri Bakıda 17-ci Xəzər Neft və Qaz, Neft Emalı və Neft Kimyası Beynəlxalq Sərgi və Konfransı öz işinə başladı. Artıq xeyli müddətdir ki, bu tədbir Xəzəryanı regionun ən iri hadisəsi sayılır. Əldə olunmuş nailiyyətləri nümayiş etdirmək, təcrübə mübadiləsi aparmaq, və ilk baxışdan iddialı görünən gələcək layihələr ətrafında müzakirələr aparmaq üçün bura siyasətçilər və dünya neft və qaz sənayesinin ən aparıcı iştirakçıları gəlməkdə davam edirlər. Sərginin rəsmi açılış mərasimində ölkə rəhbərinin şəxsən iştirak etməsi bu sərginin yüksək statusunu bir daha təsdiq edir. “Caspian Oil & Gas 2010” sərgisinin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev sərgi iştirakçılarına müraciət edərək qeyd etmişdir ki, Azərbaycan daxili tələbatın ödənilməsi və ölkənin ixrac potensialının yüksəldilməsi üçün bundan sonra da neft və qaz hasilatını inkişaf etdirəcək. Daha sonra cənab Prezident sərgi və konfransın bütün iştirakçılarına uğurlar arzu etmiş və əmin olduğunu bildirmişdir ki, “Caspian Oil & Gas 2010” kimi iri miqyaslı tədbirinin hər il keçirilməsi ənənəsi bundan sonra da davam etdiriləcək. Böyük Britaniyanın Fövqəladə və Səlahiyyətli səfiri xanım Karolin Braun Böyük Britaniya Birləşmiş Krallığının Baş naziri Devid Kameronun salamlama məktubunu, Gürcüstan Energetika nazirinin birinci müavini xanım Mariam Valişvili Gürcüstan Prezidenti Mixail Saakaşvilinin salamlama məktubunu, ABŞ-ın Avrasiya regionunda energetika məsələləri üzrə diplomatik nümayəndəsi cənab Riçard Morninqstar isə ABŞ Dövlət Katibi Hillari Klintonun salamlama məktubunu oxumaqla, habelə Birləşmiş Ərəb Əmirliklərinin Energetika naziri cənab Məhəmməd bin Daen Əlhəmli, Türkiyə Energetika və Təbii Sərvətlər nazirinin müavini cənab Yusuf Yazar, Norveç Xarici İşlər Nazirliyinin Xəzər regionu və Mərkəzi Asiyada Enerji məsələləri üzrə xüsusi müşaviri və Norveç Xarici İşləri Naziri Conas Qaxr Storun adından çıxış edən xanım Elizabet Valaas sərgi və konfrans iştirakçıları qarşısında çıxış etdilər. Açılış mərasiminin rəsmi hissəsi sona çatdıqdan sonra, cənab Prezident və digər rəsmi şəxslər sərgi üzrə gəzintiyə çıxdılar və təqdim olunan ekspozisiyalar ilə yaxından tanış oldular. Bu il “Caspian Oil and Gas” sərgisi dünyanın 26 ölkəsindən 280 şirkəti bir araya gətirib ki, bu da ötən il ilə müqayisədə ekspozisiya sahəsinin 15% genişlənməsi deməkdir. Sərgi sahəsinin 40%-dən çox hissəsi dünya şöhrətli şirkətlər tərəfindən tutulmuşdu. Həmin şirkətlərdən bir çoxu “Caspian Oil and Gas” sərgisinin daimi iştirakçıları sayılırlar. Onların arasında “BP”, “Itochu”, “OMV Gas International GmbH”, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ), “Statoil”, “Total”, “TPAO” və bir çox digər şirkətlər var idi. İştirakçılar arasında həmçinin Böyük Britaniya, Çin və Rusiyanın mili stendləri iştirak edirdi. Bu il ilk dəfə olaraq, sərgidə Birləşmiş Ərəb Əmirlikləri özünün milli stendi ilə təmsil olunurdu. Elə ilk gündən başlayaraq sərgi neft və qaz hasilatı və nəqletmə üzrə yeni layihələrin nümayişi üçün bir meydançaya çevrildi. Neftin kəşfiyyatı, hasilatı, emalı və daşınması üzrə bütün prosesi zərgər dəqiqliyi ilə əks etdirən maketin sahibi ARDNŞ öz ekspozisiyası ilə böyük uğur qazandı. Azərbaycan Respublikasında 2010-cu ilin “Ekologiya İli” elan edilməsi ilə əlaqədar olaraq, bu ilki sərginin xüsusi mövzusu alternativ enerji sektoru oldu. Müxtəlif ekoloji layihələr, o cümlədən külək elektrik stansiyaları, günəş batareyası panellərinin istehsalı və s. böyük maraqla qarşılandı. “Statoil” şirkətinin stendində Skandinaviya platformasında yeni yataqların işlənməsi mövzusuna dair 3D formatında seminar keçirildi. Sərgi çərçivəsində geniş işgüzar proqram hazırlanmışdı. Belə ki, 17-ci Xəzər Neft və Qaz, Neft Emalı və Neft Kimyası Beynəlxalq Konfransı bu proqramın mərkəzi hadisəsi oldu. Avropanın enerji geosiyasətində Azərbaycanın rolu, dünyanın karbohidrogen xammalına olan ehtiyacı və Xəzərin qaz ehtiyatlarının payı, Avropa və Asiya arasında konstruktiv dialoqun yaradılması, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Xəzər regionunun əhəmiyyəti – bütün bunlar 2-3 iyun tarixlərində “Hyatt Regency” mehmanxanasının konfrans zalında keçirilmiş “Caspian Oil & Gas” konfransı zamanı müzakirə olunan mövzuların bir hissəsidir. Plenar iclasda Azərbaycan Respublikası Sənaye və Energetika naziri cənab Natiq Əliyev çıxış edərək Azərbaycanda neft və qaz hasilatı sahəsində həcmlərin sabit şəkildə artdığını qeyd etdi və neft-qaz layihələrinin ölkənin rifahına töhfə verdiyini vurğuladı. Konfransda öz məruzələri ilə həmçinin ABŞ-ın Avrasiya regionunda energetika məsələləri üzrə diplomatik nümayəndəsi cənab Riçard Morninqstar, Avropa Komissiyasının enerji departamentində Təchizatın təhlükəsizliyi üzrə direktor Hayns Hilbrext, “KazMunayQaz” SC neft şirkətinin rəhbəri Kairgeldi Kabıldin və bir digərləri çıxış etdilər. Azərbaycan keçirilən ekologiya ili, eləcə də neftçıxarma şirkətlərinin bu sahəyə olan marağı konfransın alternativ enerji və ekologiya problemlərinə həsr edilmiş ilk gününü tamamlayan ayrıca toplantının mövzusunu müəyyən etdi. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətləri Nazirinin müavini Novruz Quliyev toplantının sədri və əsas məruzəçisi qismindi çıxış etdi. Konfransın ikinci gününün gedişatında ARDNŞ-in birinci Vitse–prezidenti Xoşbəxt Yusifzadə Xəzərin Azərbaycan sektorunda yerləşən Şahdəniz yatağının mənimsənilməsinin ikinci mərhələsi haqqında danışdı. Məruzəçilər arasında həmçinin Yunanıstanın Ətraf Mühit, Energetika və İqlim Dəyişiklikləri Nazirliyinin energetika məsələləri üzrə Baş katibi doktor Konstantinos Matiodakis, Çex Respublikasının Xarici İşlər Nazirliyinin enerji təhlükəsizliyi üzrə diplomatik nümayəndəsi Vaslav Bartuşka, “Nabucco Gas Pipeline International GmbH” şirkətinin ictimaiyyətlər əlaqələr şöbəsinin rəhbəri Kristian Dolezal, “BP”, “RWE Dea AG”, “Statoil”, “Total” və digər şirkətlərin yüksək vəzifəli şəxsləri var idi. Ümumilikdə isə konfransda 400-dən çox nümayəndə iştirak etdi. Konfransın nəticələrinə əsasən, “Balaxanı” yatağının işlənməsi üzrə yeni razılıq, eləcə də artıq təsdiq edilmiş layihələr üzrə proseslərin sürətləndirilməsi üzrə saziş imzalandı. Sərginin bütün iş günlərində ziyarətçilərin sayı azalmaq bilmirdi. Sərgi ziyarətçilərinin 75 faizini neft və qaz sənayesinin peşəkarları təşkil edirdi. Artıq ilk gündən etibarən, ziyarətçilərin sayında 2009-cu il ilə müqayisədə artım müşahidə edilirdi. Sərnişinləri sərginin keçirildiyi yerə – “Baku Expo Centre” sərgi kompleksinə pulsuz çatdıran xüsusi avtobus marşrutlarının dəqiq qrafiki bu baxımdan xeyli faydalı oldu. Fəaliyyət göstərdiyi illər ərzində “Caspian Oil and Gas” sərgisi müəyyən inkişaf mərhələlərini keçmiş və bununla yanaşı, öz ənənələrini və geniş miqyasını qoruyub saxlaya bilmişdir. Lakin, bu il sərgi üçün xüsusilə əlamətdar bir il oldu. Belə ki, “Caspian Oil and Gas” sərgisi yeni bir mərhələyə qədəm qoydu: sözügedən sərgi yeni, dünya standartlarına cavab verən “Baku Expo Centre” Sərgi və Konfrans Mərkəzinin açılışını həyata keçirən ilk tədbir oldu. Sərginin açılışından əvvəl “Baku Expo Centre” binasının rəsmi açılış mərasimi baş tutdu. Ölkə rəhbəri rəmzi lenti kəsdikdən sonra sərgi mərkəzinin bütün beynəlxalq standartlara cavab verən binası ilə yaxından tanış oldu (mərkəzi binanın ümumi sahəsi 36.163 kvadrat metr təşkil edir. Mərkəzin ərazisində uzunluğu 37 metr olan fırlanan media-qüllə quraşdırılmışdır). Bununla da, “Caspian Oil and Gas 2010” sərgisi həmişə olduğu kimi, lakin bu dəfə məhz “Baku Expo Centre” yeni sərgi mərkəzində uğurla baş tutdu. Sərgi və konfrans bu il də geniş mütəxəssis, alim və mühəndis dairələrinə neft və qaz hasilatı, neft məhsullarının nəqli və emalı sahəsində fəaliyyət göstərən dünya istehsalçılarının ən son nailiyyətləri ilə tanış olmaq, eləcə də faydalı diskussiyalar keçirmək və fikir mübadiləsi aparmaq imkanını təqdim etdi. Köhnə tərəfdaşlar və sərmayədarların hər il görüşdükləri məkan olan “Caspian Oil and Gas” sərgisi bu sənayenin reallıqlarını əvvəlki kimi əks etdirir və Azərbaycanın neft və qaz sənayesinin inkişafında sabitlik və şəffaflıq nümunəsi kimi qalmaqda davam edir.
bütün xəbərlər
|